Süni intellekt texnologiyalarının ətraf mühitə təsiri son dövrlərdə geniş müzakirə olunur. Xüsusilə “ChatGPT” kimi platformaların böyük miqdarda su sərf etməsi ilə bağlı iddialar sosial şəbəkələrdə tez-tez gündəmə gəlir. Lakin bu iddiaların bir çoxunun həqiqəti əks etdirmədiyi bildirilir.
Sam Altman Hindistanda keçirilən “The Indian Express” tədbirində çıxışı zamanı bu mövzuya aydınlıq gətirib. O bildirib ki, internetdə yayılan “ChatGPT hər sorğu üçün təxminən 64 litr su sərf edir” kimi məlumatlar düzgün deyil və köhnə hesablama metodlarına əsaslanır.
Altmanın sözlərinə görə, bu cür rəqəmlər əvvəllər bəzi məlumat mərkəzlərində istifadə olunan buxarlandırıcı soyutma sistemlərinə əsasən hesablanıb. Hazırda isə bir çox texnologiya şirkəti daha müasir və səmərəli soyutma sistemlərindən istifadə edir. Buna görə də bu məlumatların indiki vəziyyəti əks etdirmədiyi vurğulanır.Bununla belə, OpenAI rəhbəri süni intellekt sistemlərinin enerji tələbatının artdığını da etiraf edib.
Onun fikrincə, AI texnologiyalarının geniş yayılması enerji istehlakını artırır və bu məsələ gələcəkdə ciddi diqqət tələb edir.Altman bildirib ki, bu problemi həll etmək üçün daha dayanıqlı enerji mənbələrinə yönəlmək vacibdir.
Xüsusilə nüvə enerjisinin inkişafı sürətləndirilməli, eyni zamanda külək və günəş kimi bərpa olunan enerji mənbələrinə daha çox investisiya yatırılmalıdır.
Ekspertlər hesab edir ki, süni intellekt texnologiyalarının inkişafı davam etdikcə, həm enerji səmərəliliyi, həm də ətraf mühitə təsirin azaldılması istiqamətində yeni həllərin tətbiqi daha da vacib olacaq.
