Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə,
Başqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincə,
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək…
Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda:
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz.”
Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin,
Yazır nəğməsini qəlbimə o qız…
Sözlər : Məmməd Araz
Səni nə gündüzlər, nə də gecələr,
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda,
Gələn hər fəsildə gözləyəcəyəm.
Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.
Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.
Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım,
Sən hər an mənim ürəyimdəsən.
Sözlər: Fidan Yusupova
Günəşsən, göylərdən enməyəcəksən,
Sənsiz nə çəkirəm bilməyəcəksən.
Bilirəm, bir daha dönməyəcəksən,
Hələ də sevirəm, sevirəm səni.
Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi.
Çiçəklər baharı sevdiyi kimi,
Hələ də sevirəm, sevirəm səni.
Gedişin nə yaman ağırmış, ağır,
Qulağıma səsdir, adımı çağır.
Üstümə qəm dolu yağışlar yağır,
Hələ də sevirəm, sevirəm səni.
Gözlərim yoldadır, qulağım səsdə,
Ümidim çırpınır bir daş qəfəsdə.
Baş qoyub həsrətin qolları üstə,
Hələ də sevirəm, sevirəm səni.
Sözlər: Nüsrət Kəsəmənli
